Ermənistanın xüsusi təyinatlıları döyüşdən imtina edir

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana qarşı döyüşə getməkdən imtina edir.

Unikal.org xəbər verir ki, son günlər Ermənistanda xaotik vəziyyət yaranıb. Belə ki, İrəvanda əsas müdafiə qüvvəsi olaraq döyüşlərə qatılması gözlənilən erməni xüsusi təyinatlıları açıq şəkildə müharibədən çəkinir.

Döyüşdən qaçanlar barədə sərt cəza tədbirləri görülür. Onlara cinayət işinin açıldığı, bəzilərinin təcridxanada işgəncələrə məruz qaldığı deyilir.

Qarabağda müharibə başlayandan bəri İrəvandakı gizli xidmətlər artıq 3000-ə yaxın fərarini müəyyən edib. Barələrində axtarış elan edilən şəxslər vətənə xəyanətdə ittiham olunurlar.

Xüsusi təyinatlıların Qarabağda döyüş meydanından qaçmasının pərdəarxası məqamları da məlum olub. Ehtimal edilir ki, bir neçə ay əvvəl MTX-nin rəhbəri təyin edilmiş 29 yaşlı Arqişti Karamyan məhz bu səbəbdən işdən kənarlaşdırılıb. Baş nazir Nikol Paşinyan buna görə Karamyanı bağışlamayıb və dərhal onu vəzifədən uzaqlaşdırmaq qərarına gəlib.